image
image2

Epigenetika və Gündəlik Həyat: Ətraf Mühit Genlərimizi Necə Dəyişir?

Epigenetika göstərir ki, bizim sağlamlığımız yalnız genetik mirasımızla deyil, hər gün verdiyimiz qərarlarla da formalaşır. Ətraf mühit, qidalanma, stress, fiziki aktivlik və digər həyat tərzi faktorları gen ifadəsini tənzimləyərək xroniki xəstəliklərin riskini artırıb-azalda bilər. Bu səbəbdən epigenetik biliklər, yalnız tibbi sahədə çalışanlar üçün deyil, hər bir insan üçün əhəmiyyətlidir.

 


Son onilliklərdə genetika sahəsində baş verən irəliləyişlər, yalnız genlərin özlərini deyil, onların necə və nə zaman fəaliyyət göstərdiyini də daha dərindən anlamağımıza imkan yaradıb. Bu anlayışın mərkəzində epigenetika dayanır. Epigenetika, DNT ardıcıllığı dəyişmədən gen ifadəsinin tənzimlənməsi ilə məşğul olan elmdir. Ətraf mühitin, həyat tərzinin və gündəlik vərdişlərin genlərimizə təsir etmə yollarını araşdırır.

Epigenetika nədir?

Epigenetika termini “epi” (yunanca “üzərində”) və “genetika” sözlərinin birləşməsindən yaranır. Yəni, genlərin üzərində baş verən dəyişikliklər anlamına gəlir. Bu dəyişikliklər genetik kodun (DNT ardıcıllığının) özündə dəyişiklik yaratmır, amma genlərin necə fəaliyyət göstərdiyini tənzimləyir. Ən mühüm epigenetik mexanizmlərə DNT metilasiyası, histon modifikasiyaları və miRNA-ların tənzimləyici rolu daxildir.

Bu mexanizmlər, hüceyrələrin eyni genetik materiala sahib olmasına baxmayaraq, niyə müxtəlif şəkildə fəaliyyət göstərdiyini izah edir. Məsələn, eyni DNT-yə sahib olan sinir və dəri hüceyrələri fərqli genləri aktivləşdirərək müxtəlif funksiyalar icra edirlər – bu epigenetik mexanizmlərin nəticəsidir.

Gündəlik həyat tərzimiz genlərimizə necə təsir edir?

Ətraf mühit faktorları və gündəlik vərdişlər epigenetik dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklər, bəzən keçici, bəzən isə uzunmüddətli ola bilər və bəzən nəsildən-nəslə ötürülə bilər.

1. Qidalanma və epigenetika

Yediyimiz qidalar metil qruplarının mənbəyidir. Fol turşusu, B12 vitamini, betain və kolin kimi maddələr DNT metilasiyasında mühüm rol oynayır. Balanssız və qeyri-sağlam qidalanma, bəzi genlərin ya həddən artıq aktiv, ya da yetərsiz ifadə olunmasına səbəb ola bilər. Bu da obezlik, diabet və hətta xərçəng kimi xəstəliklərə yol aça bilər.

2. Stress və emosional durum

Uzunmüddətli stress hormonu olan kortizol səviyyəsinin yüksək olması, epigenetik mexanizmlər üzərindən sinir sistemi genlərinə təsir edə bilər. Elmi araşdırmalara görə, erkən yaşlarda stressə məruz qalan uşaqlarda ruhi xəstəliklərə və depressiyaya meyillilik artır. Bu dəyişikliklərin bəzi hallarda epigenetik olaraq övladlara ötürülə bildiyi sübut olunub.

3. Fiziki aktivlik

Müntəzəm fiziki aktivlik yalnız metabolik sağlamlığı yaxşılaşdırmır, eyni zamanda SIRT1 və PGC1α kimi uzunömürlülüklə bağlı genlərin ifadəsini artırır. Hərəkətsiz həyat tərzi isə əksinə, sağlamlıq risklərini artıran genlərin aktivliyini stimullaşdıra bilər.

4. Zərərli vərdişlər və toksinlər

Siqaret çəkmək, alkoqol istifadəsi və hava çirkliliyi kimi faktorlar da epigenetik dəyişikliklərə səbəb ola bilər. Məsələn, siqaretin tərkibindəki toksik maddələr tumor supressor genlərin ifadəsini azalda, onkogenlərin fəaliyyətini isə artıra bilər. Bu da xərçəngin inkişafına zəmin yaradır.

Epigenetik dəyişikliklər geri çevrilə bilərmi?

Ən maraqlı faktlardan biri budur ki, epigenetik dəyişikliklər, genetik mutasiyalardan fərqli olaraq, müəyyən hallarda geri çevrilə bilər. Yəni, sağlam həyat tərzi, balanslı qidalanma, stressin azaldılması və fiziki aktivlik sayəsində gen ifadəsindəki mənfi epigenetik dəyişikliklər müsbətə doğru dəyişə bilər. Bu xüsusiyyət, epigenetikanı terapevtik hədəf kimi də ön plana çıxarır.

Epigenetikanın gələcəyi və sağlamlıqda rolu:

Müasir tibb artıq fərdi yanaşmaya üstünlük verir. Fərdi epigenetik profilə əsaslanan müalicə üsulları (personalized medicine) yaxın gələcəkdə daha geniş yayılacaq. Məsələn, eyni xəstəlikdən əziyyət çəkən iki şəxsdə fərqli epigenetik izlərə əsasən müxtəlif müalicə protokolları tətbiq oluna bilər. Bu yanaşma, farmakogenetika və nutrigenomika sahələrində də sürətlə inkişaf edir

Nəticədə,

Epigenetika göstərir ki, bizim sağlamlığımız yalnız genetik mirasımızla deyil, hər gün verdiyimiz qərarlarla da formalaşır. Ətraf mühit, qidalanma, stress, fiziki aktivlik və digər həyat tərzi faktorları gen ifadəsini tənzimləyərək xroniki xəstəliklərin riskini artırıb-azalda bilər. Bu səbəbdən epigenetik biliklər, yalnız tibbi sahədə çalışanlar üçün deyil, hər bir insan üçün əhəmiyyətlidir.

 

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.